Saraşdı, Sarıcalı adıyla anılan köçəri oğuz-türkmən tayfalarından biridir. İlk vaxtlar Çin-Uyğur, Monqolustan ərazilərində, Qarabağda, Türkiyədə məskunlaşmışlar. Çinin uyğurlar əyalətində Saraş. Türkiyədə Saraşdı, Qarabağda Sarıcalı adlı yaşayış məntəqələri vardır. Hazırkı Saraçlı kəndi Borçalı adlı qədim Azərbaycan torpağında yer-yurd olmuşdur. Saraçlılar XI-XII əsrlərdə köçəri həyat keçirmiş, XIII -Əsrdən sonra oturaq yaşayışa keçmişlər. İmircala, Siyon, Xanımın yeri ərazilərində yaşamış və hazırda Sağsağanlı çayının sağ-sol sahillərində köç salmışlar. Saraçlılar indiki yaşadıqları əraziyə 1350-1400-cü illərdə gəlmişlər.
Haşiyə: Siyon kəndində «1360-1427» yazı olan qəbir daşı var. İndi də durur. Bu qəbir Çovanöyünün nəslinə aid olan qadın qəbridir. Başqa bir qəbir Saraçlı qəbristanlığındadır. 1480-1555 tarixli qəbir daşının şəkli, 1991-ci ildə «Sovet Gürcüstanı» qəzetinin fotokorrespondenti Ayvazov Şahvələd Əli oqlu tərəfindən çəkilmiş və elə həmin ildə də Moskva şəhərində çap olunan «Ponorama Azerbaydjana» jurnalında verilmişdir.